Azərbaycanlı duet İtaliyada müsabiqə laureatı olub

 

   İtaliyanın Bari şəhərinin yaxınlığındakı Coya Del Kolle qəsəbəsində Pyetro Arcento adına XVI beynəlxalq musiqi müsabiqəsi keçirilib. Budəfəki müsabiqədə 25 ölkədən 150-dən çox musiqiçi iştirak edib. Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi və İsveçrədə virtuoz pianoçular arasında birinci mükafata layiq görülmüş dosent Elnarə Kəbirlinskaya bu müsabiqədə ölkəmizi uğurla təmsil ediblər. Onların ifasında İ.Bramsın “Fa minor”, A.Məlikovun “Skertso”, S.RaxmaninovunRomans” və “Tarantella” əsərləri səslənib.

   Azərbaycanlı musiqiçilərin fortepiano dueti tələbkar beynəlxalq münsiflər heyətini valeh edib. Qeyd edək ki, münsiflər heyətinə Maykl Marvulli, Covanna Valente, Natalya İqumnova, Tahir Xsambeyev, Pavel Eliaşeviç və digər tanınmış musiqiçilər daxil idi. Azərbaycan fortepiano duetinə müsabiqənin laureatları kimi medallar təqdim edilib.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 6.